Nar bağlarına qulluq

14.09.2018 | 3,707 Baxılma | 0 Şərh yazdı

Hal-hazırda narçılıqla məşğul olan fermerlər bu bitkinin əhəmiyyətini nəzərə alaraq onun sahələrinin genişləndirilməsinə diqqət yetirirlər. Odur ki, fermer təsərrüfatlarına kömək məqsədi ilə Bağçılıq və Subtropik Bitkilər İnstitutunda seleksiya yolu ilə əldə edilmiş sortlardan bağlar salınması tövsiyyə olunur.

Bala Mürsəl sortu- Meyvənin çəkisi 350 qr, şirə çıxımı 55% olub, meyvəsi partlamaya, xəstəlik və zərərvericilərə qarşı davamlıdır. Bir koldan 30-35 kq, hektardan isə 120-140 sentner məhsul götürülür. Hər il bar verir.

Qırmızı-qabıq- Orta, gec yetişəndir. Meyvələri iri (250-350 qr), şirə çıxımı 52-54% olub, bir kolun məhsuldarlığı 35-40 kq, yaxud bir hektardan 140-160 sentner meyvə götürmək olur.

Çəhrayı-güleyşə- Meyvəsi 350-400 qr olub, meyvə dənəsi iri, şirə çıxımı 55-58%, dadı turşa şirindir. Bir kolun məhsuldarlığı 45-50 kq-dır, yaxud bir hektardan 150-200 sentner məhsul götürülür. 

Qırmızı-Gülövşə- Meyvəsi iri, 350-450 qramdır. Yüksək məhsuldardır. Bir koldan 35-40 kq, yaxud bir hektardan 130-160 sentner məhsul götürmək olur.

Azərbaycan- Bir kolun məhsuldarlığı 45-50 kq, yaxud bir hektardan 170-200 sentner məhsul götürmək olur.
Mərdəkani-Meyvəsi çox iri, orta çəkisi 400 qramdır. Bir kolun məhsuldarlığı 35-40 kq, yaxud bir hektardan 130-160 sentner məhsul götürülür.

Nar bağlarına aqrotexniki qulluq- Nar bitkisinin becərilmə texnologiyasını təkmilləşdirən əsas göstəricilərdən biri kollara forma verməklə, sonrakı illərdə böyümə və inkişafı nizama salmaq məqsədi ilə budama əməliyyatının aparılmasıdır. Qeyd etmək lazımdır ki, nar bitkisi daimi yerinə əkildikdən sonra 2-ci ildən başlayaraq ona çox gövdəli kol forması verilir. Öyrənilən variantlar içərisində ən yaxşı 4-6 gövdəli forma hesab olunur. Beləliklə hər yuvada 4-6 sərbəst gövdə saxlanılır. Həmin gövdələrə seyrək çətirli kassa şəkilli forma verilir. Adətən kök pöhrələri payız-qış dövründə kəsilib atılır, nar bağına peyin əsasən payızda şumdan qabaq hər hektara 35-40 ton hesabı ilə ilaşırı verilir. Hər il payızda fiziki çəki hesabı ilə 500-600 kq superfosfat, 120 kq kalium gübrələri verərək, arxasınca 18-22 sm dərinlikdə şumlama aparılır, 250-300 kq ammonium şorasının iki müddətdə yarısının aprel, qalan hissəsinin isə iyun aylarında yemləmə şəklində verilməsi məsləhətdir.
Vegetasiya dövründə 7 dəfə suvarma aparılmalıdır.

Nar bağlarında əsas aqrotexniki tədbirlərdən biri də cərgəarasının saxlanılmasıdır. Odur ki, torpağın strukturunu yaxşılaşdırmaq və münbitliyini bərpa etmək məqsədi ilə 4-5 il müddətinə cərgəaralarının çoxillik ot bitkiləri (rayqras, çoban toppuzu, yonca) altında saxlanması məsləhətdir. Vegetasiya dövründə 3-4 dəfə çalım olmalı və hər çalımdan sonra suvarma aparılmalıdır.

Nar bitkisinin xəstəlik və zərərvericilərinə qarşı mübarixə tədbirləri də əhəmiyyət kəsb edir.
Payız-qış dövründə (noyabr, mart) bağlarda 1%-li DNOK və yaxud 5-6%-li 30№-li preparatlardan biri ilə mübarizə aparılmalıdır. Mübarizə sakit və isti havada 100S-də getməlidir. Vegetasiya dövründə dəmgil xəstəliyinə qarşı 1%-li Bordo mayesi və ya 0,4% Sineblə çiləmə aparılır, nar mervəyayəninə qarşı 0,2%li Bi-58, Karate və buna oxşar kimyəvi praparatların birindən istifadə olunur. Vegetasiya dövründə aparılan mübarizə işləri apreldən başlayaraq hər 20-25 gündən bir təkrarlanaraq meyvə yığımına azı bir ay qalmış dayandırılmalıdır (yalnız kütləvi çiçəkləmə dövründə çiləmə aparmaq qadağandır).

 agro.gov.az//

Nar bağlarına qulluq

Şərh yoxdur

Şərh göndər

 40957

google analytics kodunuz