Məhsul gübrənin törəməsidir

12.08.2018 | 2,697 Baxılma | 0 Şərh yazdı

Ölkəmizin əkinə yararlı torpaq ehtiyatı olduqca məhduddur. Torpağa ana torpaq deyirik. Ana doğma körpəsini döşündən süd verərək öz qoynunda bəslədiyi kimi torpaq da bizi yedizdirir, geyindirir və öz qoynunda böyüdür.

Lakin bizlərdən bəziləri ana torpağa qarşı nankorluq edib ona ana kimi baxmır. Məhsuldar torpağa bütün insanlar hörmətlə yanaşmalıdırlar. Lakin bəzən hansısa bir «sahibkar» çox məhsuldar torpaq sahəsində tikinti işləri aparır və onunla fəxr edərək elə düşünür ki, o, xalqına töhfə verib. Əslində isə o, öz xalqına xəyanət edib. Məşhur torpaqşünas alim, akademik Həsən Əliyev məhsuldar torpağın bir qarışının da itməsinə qarşı mübarizə aparırdı. Belə hallarda o həyacan təbili çalmağı məsələhət görürdü. Bütün tikililər kənd təsərrüfatına yararlı olmayan torpaq sahələrində inşa olunmalıdır. Ona görə ki, hər bir qiymətli əşyadan qiymətli olan torpağın bir ovucunun əmələ gəlməsi üçün min illərlə vaxt tələb olunur. Onu süni şəkldə istehsal etmək mümkün deyil.

Kənd təsərrüfatı bitkilərindən yüksək məhsul alınması intensiv əkinçiliyin qarşısında duran əsas məsələdir. Bu məsələnin həllində kənd təsərrüfatı bitkilərinin gübrələnməsi əsas amildir. Gübrələr mineral və üzvi (yerli) gübrə olmaqla iki yerə bölünür. Mineral gübrələr makro- və mikrogübrələrdən ibarətdirlər.
Mikrogübrələr tərkibində bitkilərin az miqdarda istifadə etdiyi bor, manqan, miss, molibden, sink, kobalt və s. kimi elementlər olan birləşmələrə deyilir. Mikroelementlər adından bəlli olduğu kimi bitkilərə az miqdarda lazım olsa da bitki həyatında onların böyük əhəmiyyəti vardır. Onlar bitki orqanizmmində gedən maddələr mübadiləsində çox mühüm rol oynayır. Makroelementlər bitkilərə gübrə formasında verilir ki, bunlar da azot, fosfor və kaliumdan ibarətdir.
Məlumdur ki, müasir dövrdə kənd təsərrüfatında istehsalın davamlı və dinamik inkişafı, torpaqların münbitliyinin qorunub saxlanması və yüksəldilməsi, bitkilərin məhsuldarlığının artırılması və keyfiyyətinin yaxşılaşdırılması üzvi və mineral gübrələrdən istifadə etmədən mümkün deyil.
Respublikamızda adambaşına 0,18 hektar əkin sahəsi düşür düşür ki, bu da dünyada orta göstəridən xeyli azdır. Bu qədər sahədən alınan məhsulla ölkə əhalisini taxılla, tərəvəzlə, heyvandarlıq məhsulları ilə və sənayeni xammalla təmin etmək lazımdır. Bu da əkinçiliyin intensivləşməsini, əkin sahəsindən məhsuldarlığının yüksəldilməsini tələb edir. 
Torpaqlarda azot, fosfor və kaliumun çatışmazlığı bütövlükdə kənd təsərrüfatı bitkilərinin məhsuldarlığının artırılmasında əsas məhdudlaşdırıcı amilə çevrilmişdir. Bitkilərin qida maddələri ilə tam təmin olunmadığı şəraitdə hətta ən yaxşı bitki sortunun toxumundan istifadə olunsa, aqrotexniki tədbirləri optimal müddətlərdə və keyfiyyətlə həyata keçirilsə belə, yenə də gözlənilən səmərəni almaq mümkün deyil.
Becərilən kənd təsərrüfatı bitkiləri hər il əsas və əlavə məhsulu ilə birlikdə torpaqdan kifayət qədər qida maddəsi aparır. Məsələn, payızlıq buğda hər hektardan yığılan 30 sentner dən və ona müvafiq küləş məhsulu ilə torpqdan 110 kq azot, 40 kq fosfor və 70 kq kalium, 300 sentner kartof məhsulu 150 kq azot, 60 kq fosfor və 270 kq kalium aparır. . Əgər aparılan qida maddələri gübrələr şəklində torpağa qaytarılmazsa, nəticədə torpaq tədricən deqradasiyaya uğrayır və münbitliyi azalır. 

Aqrokimya elminin banilərindən biri hesab edilən D. Pryanişnikov apardığı elmi-tədqiqat işlərinin nəticələri və dünya təcrübələrinin təhlilinə əsasən belə qərara gəlmişdir ki, məhsul gübrənin törəməsidir. Müəyyyən edilmişdir ki, 1 kq azot (təsiredici maddə hesabı ilə) verilmə dozasından asılı olaraq 12-15 kq payızlıq buğda dəni, 100-120 kq kartof, 10-12 kq xam pambıq məhsulu, 1k fosfor 7-8 kq buğda, 50-60 kq kartof, və 5-6 kq xam pambıq, 1kq kalium isə 3-4 kq buğda, 40-50 kq kartof, 2 kq xam pambıq məhsulunun artımına səbəb olur. Azot, fosfor və kalium gübrələri ayrılıqda deyil, birlikdə, həmdə müəyyən olunmuş nisbətdə torpağa verildikdə yüksək səmərə alınır.
Eyni zamanda qeyd etmək lazımdır ki, yuxarıdakı göstəricilər mineral gübrələrin orta potensial səmərəliliyini səciyyələndirir, belə ki, becərilən bitkilərin məhsuldarlığı konkret-iqlim şəraitindən, becərilən sortdan, aqrotexnikanın səviyyəsindən və s. asılıdır.
Əsas qida maddələri kimi azot, fosfor və kalium bitkilərin həyatında çox böyük əhəmiyyətə malikdir.
Azot bitkinin yaşıl kütləsini daha çox artırmaqla onun kütləsinin çoxalmasına və boyunun uzanmasına yaxşı təsir göstərir. Eyni zamanda azot əsas qida maddəsi hesab olunan zülalın, amin turşularının və bir çox bioloji aktiv maddələrin tərkibinə daxildir.
Fosfor bitkinin bar orqanlarının əmələ gəlməsinə və inkişafına daha yaxşı təsir göstərməklə onun vegetasia müddətini azaldır. Fosfor təkcə məhsuldarlığı artırmır, o həmçinin şəkərli bitkilərin şəkərini, yağlı bitkilərin yağını, lifli bitkilərdə lif çıxımını artırmaqla məhsulun keyfiyyətini yüksəldir.

Bitkilərin kimyəvi tərkibinə kalium da təsir göstərir. Kalium bitkidə üzvi birləşmələrin tərkibinə daxil olmasa da, maddələr mübadiləsinə aktivləşdirici təsir göstərir. Kalium gübrəsi verdikdə bitkidə saxarozanın, yağların, nişastanın sintezini gücləndirir.
Gübrələrin bitki məhsulunun keyfiyyətinə təsirini buğdanın misalında daha aydın göstərmək olar. Belə ki, gübrələrin təsiri ilə buğdanın dən məhsulunu artırmaqla bərabər, dənin şüşəvariliyini, kleykavinanı, un çıxımını artırır, çörərəkbişirmə keyfiyyətitni yaxşılaşdırır.
Bitkilərin bioloji xüsusiyyətləri nəzərə alınmaqla mineral gübrələrin formaları, dozası, verilmə vaxtı, verilmə üsulu və digər aqrotexniki tədbirlərlə düzgün əlaqələndirilməsi gübrələrdən istifadənin iqtisadi səmrəliliyi yüksəlir. Xüsusilə bitkiləri vaxtında su ilə təmin etdikdə verilmiş gübrələrdən istifadə edilmə əmsalı yüksəlir və qida maddələri ilə normal qidalanma nəticəsində bitkilərin məhsuldarldığı da yüksəlir.
Yuxarıdakı məlumatlardan aydın olur ki, bol məhsul əldə edilməsində fosforlu gübrələrin rolu böyükdür. Bir şərtlə ki, onun verilmə müddəti, basdırılma dərinliyi və dozası düzgün müəyyənləşdirilsin.
Məlumdur ki, mineral gübrələr bitkilər tərəfindən yalnız məhlul şəkilində olduqda mənimsənilir. Bunun üçün kifayət qədər nəmliyin olması vacibdir. Azot suvarma və yağış suları vasitəsi ilə aşağı qatlara , yəni əsas kök sisteminin inkişaf etdiyi qatlara yuyula bildiyi halda, fosfor və kalium gübrələrinin miqrasiya etmək qabiliyyəti zəifdir. Odur ki, belə gübrələr bitkilərin kök sisteminin yayıldığı əsas qatlara tökülməlidir. Xüsusi ilə az rütubətli zonalarda fosfor və kalium gübrələrinin basdırılma dərinliyi mühüm əhəmiyyətə malikdir. Quraq zonada torpağın üst qatı çox quruduqdan sonra həmin qatda bitkinin kökünün əmici telləri ya əmələ gəlmir, ya da tez tələf olaraq fosfor və kaliumdan istifadə edə bilmir.
10 sm-dən dayaz basdırılan fosforlu və kaliumlu gübrələrdən hətta rütubətli zonada da bitkilər tam istifadə edə bilmir. Ona görə ki, isti yay günlərində əkin qatının üst hissəsi tez quruyur, buradakı fosfor və kalium gübrələr bitkilər tərəfindən mənimsənilə bilmir. Lakin gələcək ildə dərin şum zamanı həmin gübrə alt qata düşməklə istifadə oluna bilər. Hər bir əkinçinin arzusu isə gübrəni torpağa verdiyi il məhsul artımı əldə etməkdir.
Mineral gübrələrin verilmə dozası torpaqda bitkilər üçün mənimsənilən formada olan qida maddəlrinin miqdarından və planlaşdırılan məhsuldarlıqdan asılıdır. Hər bir əkin sahəsi üçün torpaqda olan mütəhərrik fosfor və mübadiləvi kaliumun miqdarına görə tərtib olunmuş qida kartoqrammı 3-4 il ərzinqdə gübrələrin diferensial tətbiqi üçün kifayət qədər yaxşı vasitədir. Kartoqramın, həmçinin bitkilərin kimyəvi analizinin köməyi ilə onların azota, fosfora və kaliuma tələbatını dəqiqləşdirmək daha məqsədəuyğundur. Gübrələrin verilmə müddətlərinin onların səmərəli istifadə edilməsində böyük əhəmiyyətə malikdir.

Bitkilərə azot gübrəsinin illik normasının 20-30 faizini səpinqabağı becəmədə, yaxud səpinlə birlikdə, 70-80 faizin isə vegetasiya müddətində yemləmə şəklində verilir.
Azərbaycan torpaqlarının böyük əksəriyyəti karbonatlı olduğu üçün fosforlu gübrələri bedə torpaqlara verildikdə fosfor birləşmələri torpaqda dəmir, aliminum və s.birləşərək çətin həll olan formaya keçir və az mütəhərrik olur. Bu torpaqlarda fosfor gübrələrinin səmərəliliyini artırmaq üçün onların əsas gübrə kimi dərin şum altına verilməsi böyük əhəmiyyətə malikdir. Fosforun illik dozası çox olduqda onun bir hissəsini əsas gübrə kimi şum altına, qalan hissəsini səpinlə birlikdə və vegetasiya müddətində yemləmə şəkilində verməklə dərin basdırmaq məsləhətdir.
Kalium gübrəsinin illik normasının yarısı əsas gübrə kimi şum altına, qalan hissəsini isə yemləmə şəklində vegetasiya müddətində vermək faydalıdır.
Gübrələrin faydalılığını hesablayarkən onun biləvasitə torpağa verildiyi ildə olan təsiri ilə yanaşı sonrakı illərdəki təsirini, məhsulun keyfiyyətinin yaxşılaşmasını, torpağın münbitliyinin artmasını da nəzərə almaq lazımdır.
Torpaq münbitliyinin artırılmasında, fiziki-kimyəvi xassələrinin yaxşılaşmasında, bitkilərin məhsuldarlığının və keyfiyyətinin yüksəldilməsində üzvi gübrələrin, o cümlədən, peyinin əhəmiyyəti böyükdür. Üzvi gübrələrə peyin, peyin şirəsi, fekalii, quş zılı, kompostlar, şəhərin üzvi tullantıları, yaşıl gübrələr (sideratlar) və s. aiddir. Peyinin tərkibində 0,5 % azot, 0,25 % fosfor, 0,6 % kalium, bir çox makro-mikroelementlər vardır. Peyinin tətbiq edilməsi nəticəsində bitkilərin torpaqdan aldıqları qida maddələri yenidən torpağa qaytarılır. 20 ton peyinqin tərkibindəki qida maddələrinin miqdarı 3,0 sentner ammonium nitrata, 2,5 sentner superfosfata, 2,0 sentner kalium xloridə bərabərdir.
Peyin və digər üzvi gübrələr torpağı qida maddələri ilə zənginləşdirir, torpağın münbitliyini və bitkilərin məhsuldarlığını artırır, suya davamlı struktr aqreqatlarının miqdarını yüksəldir, torpağın su-fiziki xüsusiyyətlərini, o cümlədən susaxlama, su və hava keçməni yaxşılaşdırır. Onun tərkibində olan və torpağda yaşayan faydalı mikroorqanizmlərin fəaliyyəti sayəsində torpağın tərkibindəki çətin həll olan mineral qida maddələri asan mənimsənilən formaya çevrilir. Peyinin ətrafında olan mikroblar üzvi maddələri parçalayaraq biləvasitə bitkinin kök sisteminin sorulma zonasında asan mənimsənilən qida maddələrinin miqdarını artırır və bütün vegetasiya boyu gübrənin səmərəli təsir müddətini uzadır.

Peyin və digər üzvi gübrələrmineral gübrələrlə birlikdə tətbiq edildikdə onun səmərəsi daha yüksək olur. Belə ki, torpağa mineral gübrə verilərkən onda qida maddələrinin zərərli artımı müşahidə olunur. Bu zaman qida maddələrinin bir hissəsinin isə çətin həll olan formayasına keçməsinə, başqa sözlə, qida maddələrinin itkisinə səbəb olur. Peyinin mineral gübrələrlə birlikdə tətbiqi bu çatışmazlığı aradan qaldırır. 

Ən yaxşı üzvi gübrələrdən biri də biohumusdur. Biohumus dünya bazarında ən keyfiyyətli ekoloji təmiz gübrə hesab edilir.
Biohumusun tərkibində 16 % ümumi humus, 3.2 % ümumi azot, 2,2 % ümumi fosfor, 2 % ümümi kalium və digər zəruri makr-mikroelementlər vardır. Biohumus peyinə nisbətən daha üstün üzvi gübrə hesab edilir. Bioloji əhəmiyyətinə görə 1 ton biohumus 10-15 ton təzə peyinə bərabərdir.
Kənd təsərrüfatı məhsulları istehsalçılarının mineral gübrələrə olan təlabatın ödənilməsi ölkə rəhbərliyitnin, o cümlədən Kənd Təsərrüfatı Nazirliyinin daim diqqət mərkəzindədir. Azəərbaycan Respublikası Prezidentinin «Aqrar bölmədə lizinqin genişləndirilməsi sahəsində əlavə tədbirlər haqqında» 22 sentyabr 2005-ci il tarixli 1019 nömrəli Sərəncamına əsasən dövlət büdcəsi vəsaiti hesabına pestisid və aqrokimyəvi maddələrin alınması və satıılması nəzərdə tutulmuşdur. 

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 15 fevral 2007-ci il tarixli 32 nömrəli Qərarı ilə təsdiq edilmiş «Aqrolizinq» Açıq Səhmdar Cəmiyyəti və digər hüquqi və fiziki şəxslər tərəfindən kənd təsərrüfatı məhsullarının istehsalçılarına mineral gübrələrin güzəştlə satılması Qaydaları»na və «Azərbaycan Respublikası Nazirlər Kabinetinin bəzi qərarlarına və dəyişikliklər edilməsi barədə» Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 iyun 2008-ci il tarixli 135 nömrəli Qərarlarına əsasən kənd təsərrüfatı məhsullarının istehsalçılarına mineral gübrələr güzəştli qiymətlə, yəni, onun dəyərinin 50 faizinin dövlət büdcəsinin vəsaiti hesabına ödənilməklə satılır.
2011-ci ilin proqnoz əkinlərinə görə respublikada 960 min ton mineral gübrəyə o cümlədən 324 min ton azot, 490 min ton fosfor və 146 ton kalium gübrəsinə təlabat vardır. 2010-cu ildə respublikaya 49275,4 ton mineral gübrə, o cümlədən, 32982,1 ton azotlu, 39,7 ton fosforlu, 4637,0 ton kaliumlu, 11265,7 ton mürəkkəb gübrələr, 350,9 ton sair gübrələr idxal edilmişdir. Göründüyü kimi bu da ümumi tələbatın yalnız 5,1 %-ni təşkil edir.
Qeyd etmək lazımdır ki, gübrə torpağa yox, bitkiyə verilir. Ona görə də sahəyə verilən azot, fosfor və kalium gübrələri, daha doğrusu onların tərkibindəndəki təsiredici maddələrin (N, P2O5, K2O) nisbəti becərilən bitkinin tələbatına uyğun olmalıdır.
Lakin təəsüflə demək lazımdır ki, məhsulun əmələ gəlməsi üçün zəruri olan bu mühüm amil nəzərə alınmır. Sadə gübrələrdən istifadə edərkən bu nisbəti tənzimləmək asandır.
İdxal olunan mineral gübrələrin xeyli hissəsi mürəkkəb və kompleks gübrələr formasında gətirilir ki, bunların tərkibində olan azot, fosfor və kaliumun nisbəti bitkilərin tələbatına uyğun deyil. Məsələn, ammofosun tərkibində 11-12 % azot, 50 % fosfor vardır ki, burada azotun fosfora nisbəti 1:5-dir. Bu da bitkilərin tələbatına uyğun deyil. Ona görə də mürəkkəb gübrələrdən istifadə edərkən optimal nisbətin çatışmayan hissəsini sadə gübrələrdlə tamamlamaq lazım gəlir.
Bir mühüm məsələdə diqqətdən qaçmamalıdır. Torpağın tərkibində ehtiyat formasında olan qida maddələrinin, başqa sözlə desək torpağın təbii münbitliyi hesabına və tətbiq edilən aqrotexniki tədbirlərin hesabına respublikada bəzi bitkilər üzrə ümumi məhsul yığımı yüksəkdir. Məsələn 2009-ci ildə dənli taxıl bitkilərinin ümumi məhsulu 2988,3 min ton, məhsuldarlıq 26,6 sentner olmuşdur. Bu miqdarda dən və buna münasib küləş məhsulu ilə torpaqdan xeyli miqdarda qida maddəsi çıxarılır. Torpağa isə çox az miqdarda qida maddəsi gübrə şəkilində qaytarılır. Nəticədə torpaqda qida maddələrinin balansı pozulur. Aparılmış uzun müddətli tədqiqatlar nəticəsində müəyyən edilmişdir ki, respublikamızın əkinə yararlı torpaqlarında əsas qida maddələri (azot, fosfor, kalium) balansı mənfidir. Onların defisiti yüksəkdir,yəni məhsulla torpaqdan çıxarılan miqdarı qida maddələrinin təbii dövranı və gübrə şəklində torpağa qaytarılan hissədən çoxdur. Bu da torpaq münbitliyinin ildən-ilə aşağı düşməsinə səbəb olur.
Gübrə təminatını yaxşılaşdırmaqla vahid əkin sahəsindən yüksək və keyfiyyətli məhsul götürmək, torpaqların münbitliyini bərpa etmək və yüksəltmək, istehsalın səmərəliliyini artırmaqla əhalinin sosial rifah halını yaxşılaşdırmaq, kənddə yoxsulluğu azaltmaq mümkündür.
Torpaq istifadəçiləri ilə aparılan sorğular və müşahidələr bir daha göstərir ki, onların əksərriyyətinin təsəvvüründə mineral gübrə dedikdə ammonium şorası (ammonium nitrat) başa düşülür. Fosfor və kalium gübrələrinə çox az əhəmiyyət verirlər. Bunun da bir çox subyektiv səbəbləri vardır. Peşə yönümündən asılı olmayaraq 867 min ailə torpaq pay almışdır və onlar təsərrüfatlarını idarə edirlər. Onların böyük əksəriyyəti ixtisas və peşəsinə görə kənd təsərrüfatı ilə əlaqəsi olmayan müəllim, həkim, mühəndis və digərləridir.

Ona görə də kənd təsərrüfatı məhsulları istehsalçılarının nəzərinə çatdırırıq ki, bitki üçün bu gübrələrin hamısı eyni dərəcədə lazımdır, biri digərini əvəz edə bilməz. Gübrələrin hər hansı biri ilə birtərəfli gübrələməyə nisbətən onlardan birlikdə istifadə ollunduqda ən yüksək səmərə alınır.

Azərbaycan Milli Elmlər Akademiyası

Torpaqşünaslıq və Aqrokimya İnstitutunun

mineral gübrələr və mikroelementlər

laboratoriyasının müdiri, kənd təsərrüfatı

elmləri doktoru, professor Zeynal Mövsümov



Azərbaycan Respublikası Kənd Təsərrüfatı

Nazirliyi Aparatının aqrokimyəvi xidmət 

sektorunun müdiri, kənd təsərrüfatı elmləri

namizədi Oqtay Hüseynov

Məhsul gübrənin törəməsidir

Şərh yoxdur

Şərh göndər

 88422

google analytics kodunuz