Meyvə bağının salınmasına dair bəzi tövsiyələr

01.09.2018 | 1,847 Baxılma | 0 Şərh yazdı

Bağ üçün ayrılmış torpaqların yararlılıq dərəcəsi aşağıdakı göstəricilərlə xarakterizə olunur:
Torpaq-qruntun mümkün kökyerləşmə qatı, m:
- Çox əlverişli-4...5;
- Yaxşı (aşağı qatları qleysiz)-1,5...2,5;
- Suvarma şəraitində mümkün-1.

Torpağın müəyyənedici mexaniki tərkibi və mikroaqreqatlığı, %:
- Istifadə olunan rütubət ehtiyatı-15...20;
- AR (aşağı rütubətlənmə) zamanı havalanma məsaməliyi-10...15.

Şərti quru həcmə görə torpağın həcmi kütləsi, q/sm3, göstəriləndən çox olmamaqla:
- Yüngül gillicəli 1,63;
- Orta gillicəli-1,55;
- Ağır gillicəli-1,49;
- Gilli-1,44;
- Ağır gilli-1,37.

Hərəkətdə olan qrunt sularının səviyyəsi, m:
- Toxmacar üzərində-2,5...3;
- Klon calaqaltı üzərində-1,5...2;
- Durğun qrunt sularının səviyyəsi bütün hallarda (məxsusi istisnalar çıxılmaqla) 2,5...3 m olmalıdır.

Bitki örtüyü. Bağ üçün sahə seçərkən onun nə dərəcədə yararlı olduğunu orada təbii halda bitən bitkilərlə müəyyənləşdirmək mümkündür.
Sahədə cır və mədəni bitkilərin , həmçinin palıd, ağcaqayın, göyrüş, fıstıq və dənli-paxlalı bitkilərin nümayəndələri varsa, bu sahə meyvə bitkiləri üçün ən yararlı sahə hesab edilir. Qamış, lıqvər, cil, ciyən, bataqlıca, yumşaq süpürgə və digər suya tələbkar (hiqrofit) bitkilər sahənin yüksək rütubətliliyinə dəlalət edir.
Ceyranotu (şiyav), yovşan, dovşantopalı, bulaqotu, qayaotu, dovşankələmi, çətiryarpaq, daşdayan, məryəmnoxudu, pişikquyruğu, nazikgövdə, dəvətikanı tipli otlar və həmçinin xovlu palıd, dağdağan, ardıc, sarağan, qaratikan, murdarça tipli kserofit ağac və kollar sahənin quraqlığını göstərir. Sahədə duzlaq çoqanı, çayırçiçəyi, kərmək (dəvəqulağı), qaraşoran, sarıbaş, çərən, xostək varsa, şoranlığa dəlalət edir. Bunlara uyğun olaraq sahədə müvafiq tədbirlər görülür.

Cins və sortlara tələb. Meyvə bitkilərinin cins və sortları seçilərkən onların yetişmə müddəti, istifadə istiqaməti və saxlanma xarakteri nəzərə alınmalıdır.
Məhsulun eyni vaxtda yetişməsi onun yığılmasını çətinləşdirir və itkiyə səbəb olur. Bunun üçün meyvə bitkiləri yetişmə vaxtlarına görə qruplaşdırılır və bu zaman əsas üstünlük, xüsusən, tumlu meyvə bitkilərində, payız-qış sortlarına (60-80%) verilir. Məhsulun istifadə məqsədinə görə qabaqcadan cins və sortlar müəyyənləşdirilir və onların becərilməsi texnologiyası dəqiqləşdirilir. Emal üçün istifadə ediləcək meyvə bitkilərinin sortları ayrıca sərnələrdə yerləşdirilir ki, bunların meyvələrinin yığımı asan və qısa müddətdə aparılsın. Dərhal təzə halda yeyilmək və ya uzun müddət soyuducularda saxlamaq üçün istifadə ediləcək sortların meyvələri yalnız əl ilə yığılmaq üçün planlaşdırılmalıdır.

Emal müəssisələrinin yaxınlığında yüksək texnoloji xüsusiyyətlərə malik sortlar, şəhərətrafı sahələrdə tez yetişən süfrə və desert sortlar, iri meyvə saxlayıcıları olan ərazilərdə istehlak yetişkənliyi qışda və erkən yazda olan qışlaq sortlar, uzaq məsafələrə göndərilmək üçün isə daşınmaya davamlı sortlar seçilməlidir.
Cinslər üzrə sortlar seçilərkən onların keyfiyyəti və yerli şəraitə uyğunluğu xüsusiyyətindən başqa özübarlı və özübarsız olması, yetişmə vaxtı da nəzərə alınır.
Meyvə bitkilərinin bir çox qisminin əksər sortları özübarsız olduqlarından onlara çarpaz tozlanma üçün tozlayıcı sortlar seçilməlidir.
Əsas sortla tozlayıcı sortlar sərnədə elə yerləşdiriliməlidir ki, tozcuqların tez köçürülməsinə, sort aqrotexnikasının keyfiyyətli tətbiqinə şərait yaransın.
Əsas sort üçün bir qayda olaraq iki ədəd tozlayıcı sort (əsas və ehtiyat) seçilir.Tozlayıcı və əsas sortlar sərnədə müxtəlif sxemlərlə yerləşdirilirlər.

Sortları seçərkən digər vacib məsələ onların yetişməsi vaxtıdır. Ümumiyyətlə, bağlarda çəyirdəkli meyvə bitkilərinin əksər sortlarına, tumlulardan armudun tez və orta vaxtda yetişən sortlarına, almanın isə payızlıq və qışlıq sortlarına üstünlük vermək lazımdır.
Sortlar sərnələrdə yetişmə vaxtlarına görə ayrıca yerləşdirilməlidir. Bir qayda kimi, bağ massivinin kənarlarında yerləşən sərnələrdə tez yetişən cins və sortlar, təsərrüfat mərkəzinə yaxında isə payızlıq cins və sortlar yerləşdirilir. Bu halda məhsul yığımının və onun qorunmasının təşkili səmərəli həyata keçirilir. Meyvələri tez xarab olan, daşınmaya və saxlanmaya davamlı olmayan, tez yetişən cins və sortlar yaşayış yerlərinə və magistral yollara yaxın yerləşdirilməlidir.

agro.gov.az//

Meyvə bağının salınmasına dair bəzi tövsiyələr

Şərh yoxdur

Şərh göndər

 47798

google analytics kodunuz