Çəyirdəkli bitkilərin xəstəliklərinə qarşı mübarizə

09.09.2018 | 2,888 Baxılma | 0 Şərh yazdı

Çəyirdəkli meyvə bitkilərinin xəstəlik və zərərvericilərinə qarşı mübarizə tədbirləri

Çəyirdəkli meyvə bitkiləri qrupuna şaftalı, gavalı, ərik, gilas, alça, albalı, göyəm, zoğal, çaytikanı və iydə aiddir.


Çəyirdəkli meyvə bağlarının salınması. Bağ üçün sahə nisbətən düzən, küləklər tutmayan, soyuq hava, durğunluğu olmayan yerlərdə seçilməlidir. Seçilmiş sahəyə torpağın münbitliyindən asılı olaraq hektara 15-25 t peyin, 60-90 kq fosfor və kalium gübrələri verildikdən sonra, torpaq 25-30 sm dərinlikdə şumlanır. Əkin payızda və erkən yazda aparılır. Erkən yazda salınacaq bağ üçün plantaj şumu əvvəlki ilin yayında və ya payızında, payız bağ əkməsi üçün isə, bağ salınmasına ən azı iki ay vaxt qaldıqda, şum altına 30-40 ton peyin, təmin olunma dərəcəsindən asılı olaraq təsiredici maddə hesabı ilə 120-180 kg fosfor, 90-120 kg kalium gübrələri verilməklə aparılır. 

Sahədə bağ salmaq məqsədi ilə ölçü işləri aparılır, plan əsasında bölgü aparılıb, əkiləcək bitkilərin qida sahəsi bitki və sortların xüsusiyyətlərindən asılı olaraq (4x3; 5x3; 6x4; 7x5; 8x6 və s.) dəqiqləşdirilir, baş və sərnələr arası yollar da nəzərə alınmaqla, eni 70-80 sm, dərinliyi isə 60-70 sm olan çalalar qazılır. Bağ salmaq üçün əsas etibarı ilə sağlam, elit və ya standartlara (boy və s.ölçülərinə görə) cavab verən əkin materialı (bir və ikiillik tinglər) seçilməlidir.
Gübrələmə. Çəyirdəkli meyvə bitkiləri mineral qidalanmaya yüksək tələb göstərir. Aparılmış tədqiqatlarla sübut olunmuşdur ki, gübrələrlə (N, P, K) tam təmin olunmuş bitkilərdə nəzarət bitkilərinə nisbətən boy 122%, məhsuldarlıq isə 65%-ə yaxın artıq olmuşdur. Fosfor və kalium fonunda hektara 90-120 kq təsiredici maddə hesabı ilə, yemləmə şəklində (60%-i aprel-mayda, 40%-iyunda) azot gübrəsi verilməsi ağacların boyuna və məhsuldarlığına müsbət təsir göstərir.

Çəyirdəkli meyvə bitkilərinin suvarılması. Calaqaltıdan və torpaq tipindən asılı olaraq çəyirdəkli meyvə bitkilərinin suvarmaya münasibəti müxtəlifdir. Ümumiyyətlə vegetasiya dövründə qeyd olunanlardan asılı olaraq bağlarda 4-6 dəfə suvarılma aparılır.
Çəyirdəkli meyvə bitkilərinin xəstəlik və zərərvericilərinə qarşı mübarizə tədbirləri. Çəyirdəkli meyvə bitkilərində geniş yayılmış xəstəliklərdən monilioz, kleyasterosporioz, gilasda polistiqmoz, unlu-şeh, gavalıda cib-cibə, şaftalıda yarpaq qıvrılması, bakterial və virus xəstəliklərini qeyd etmək olar.
Xəstəliklərlə mübarizə məqsədi ilə aqrotexniki tədbirlər tam yerinə yetirilməli, vegetasiyanın sonunda xəstəliyə yoluxmuş bitki qalıqları məhv edilməli, yarpaq töküləndən sonra qış infeksiya mənbəyini məhv etmək üçün bağlarda 1-2%-li Dnok (hektara 10-20 kq), yaxud 2-3%-li nitrofen (hektara 40-60 hesabı ilə) preparatları ilə çiləmə aparılmalıdır. 

Monilioz, kleyasterosporioz, kokkomikoz xəstəliklərinə qarşı tumurcuqlar açılana kimi 3-5% bordo mayesi ilə yaşıl çiləmə aparılmalı, vegetasiya müddətində 1%-li bordo mayesi və ya 0,4%-li Xometsin, unlu şeh xəstəliklərinə qarşı isə 1%-li kolloid kükürd, gavalıda cib-cibə xəstəliyinə qarşı ağaclar tumurcuq açılana kimi 1%-li mis kuporosu və ya onları əvəzediciləri olan yeni, istifadəsinə icazə verilmiş preparatlardan istifadə edilməlidir. İşçi məhlulun hektara çiləmə norması vegetasiya müddətindən asılı olaraq 800-1200 litr təşkil edir.
Çəyirdəkli meyvə bitkilərinin əsas zərərvericiləri olan müxtəlif kəpənəklərin, milcəklərin sürfələrinə, mənənələrə və digərlərinə qarşı aqrotexniki və kimyəvi mübarızə tədbirlərindən istifadə edilir. 
Kəpənək və milcək sürfələrinə qarşı Аrrivo (0,15-0,3 L/ha), Fastак (0,15-0,25 L/ha), Desis (0,5 L/ha), mənənələrə qarşı isə Bi-58 (2.0 L/ha), Fufanon (2.0 L/ha) preparatları ilə bağların çilənməsi yüksək səmərə verir.

Sortlara tələb. Çəyirdəkli meyvə bitkilərinin cins və sortları seçilərkən, onların yetişmə müddəti, istifadə istiqaməti və saxlanma xarakteri nəzərə alınmalıdır.
Şaftalının ölkəmizdə 100-ə qədər yayılmış sortu məlumdur. Bunlardan rayonlaşdırılmış və perspektivli olan Mayçiçəyi, Fədai, Qızıl Yubiley, Elbert, Salami, Tərəli sortlardan (nektarinlər) isə Boston, Viktoriya, Ski , Krasnodares sortlarıdır.

Ərik növlərdən yalnız biri - adi ərik mədəni halda becərilir. Respublikamızda geniş becərilən Şalax, Badam ərik, Qırmızı yanaq, Əbu Talibi, Ağ Təbərzə, Haqverdi sortlarıdır.

Gavalı cinsi 30-dan artıq növü birləşdirir. Əksər gavalı sortları ev gavalısından törəmişlər. Gavalının iki mindən artıq sortu məlumdur. Respublikada daha geniş becərilən və perspektivli olan sortlar Şəftəligavalısı, Yaşıl Renkl, İtaliyan vengerkası. Xurmayı vengerka, Sarı albuxara, Aleksandr Düma, Altan renklod , Ullens renklodu sortlarıdır.

Alça bitkisi respublikamızda yabanı və mədəni halda geniş yayılmışdır. 
Rayonlaşdırılmış və perspektivli sortları Ərəş (İstambul alçası), Göyçə,Yaymələsi, Göyçə sultanı sortlarıdır. 

Gilasın respublikamızda rayonlaşdırılmış sortları Biqarro Qrol, Ramon Oliva, Tezyetişən Kassin ,Sarı Droqana, Frans İosif, Kəlürəyi sortlarıdır.

Albalı gilas ilə eyni cinsə aid olub, 150 növü birləşdirir ki, bunun da 20 növü MDB məkanmda yayılmışdır. Dünyada 800 qədər albalı sortu vardır. Azərbaycanda 5 sortu - AnadoluPodbel ,İngilis tezyetişəni, Şpanka, Jukovskaya rayonlaşdırılmışdır.

agro.gov.az/

Çəyirdəkli  bitkilərin xəstəliklərinə qarşı mübarizə

Şərh yoxdur

Şərh göndər

 02813

google analytics kodunuz